İraq Kürd Regional Rəhbərliyinin (İKRG) Xarici Əlaqələr Şöbəsinin rəhbəri Sefin Dizayi İraqın neft ixracının dayandırılması səbəbindən ciddi maliyyə itkisinə məruz qaldığını açıqlayıb.
Hafta.az yazır ki, Dizayinin verdiyi açıqlamalara görə, Türkiyə Kürdüstan Muxtariyyətinin neftinin ixracının bərpasını dəstəkləyir. Kürdüstan administrasiyası da bununla bağlı çox həvəslidir və ixracın bərpasını səbirsizliklə gözləyir. "Bağdad rəsmi olaraq hazır olduqlarını bildirir, lakin hələlik heç bir əməli addım atmayıb", - Dizayi bildirib.
Sefin Dizayi qeyd edib ki, martın 25-dən etibarən neft ixracının dayandırılması İraqa təxminən 5,5 milyard dollarlıq maliyyə itkisinə səbəb olub.
Türkiyə ilə İraq arasında Parisdə yerləşən Beynəlxalq Arbitraj Məhkəməsinin qərarından sonra martın 25-də Ceyhan limanına neft axını dayandırılıb. Bu qərar hər iki ölkəyə mənfi təsir edəcək bir vəziyyəti gündəmə gətirib.